6 iyun 2026. Şənbə

MOK-da “Təhlükəsiz İdman Proqramı” çərçivəsində müzakirələr aparılıb


  • Offside
  • 13:22 05.06.2026
  • Oxunma sayı: 29
MOK-da “Təhlükəsiz İdman Proqramı” çərçivəsində müzakirələr aparılıb

Milli Olimpiya Komitəsində (MOK) “Milli İdman Federasiyaları üçün Təhlükəsiz İdman Proqramı” çərçivəsində tədbir keçirilib.

90deqiqe.Az  xəbər verir ki, 24 idman federasiyasından nümayəndələrin iştirak etdiyi görüşdə təhlükəsiz idman mühitinin formalaşdırılması, idmançıların müdafiəsi və rifahının təmin olunması istiqamətində görüləcək işlər müzakirə olunub.

Tədbir çərçivəsində federasiyalarda Təhlükəsiz İdman üzrə Məsul Şəxsin (TİMŞ) vəzifə və öhdəliklərinə dair təqdimat edilib. Bildirilib ki, həmin şəxslər idmançıların təhlükəsizliyi ilə bağlı məsələlərin koordinasiyasını həyata keçirməli, müdafiə mexanizmlərinin bütün iştirakçılar üçün əlçatan olmasını təmin etməlidirlər.

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə çıxışında qurumun uzun illərdir təhlükəsiz idman məsələlərinə xüsusi diqqət yetirdiyini vurğulayıb. O qeyd edib ki, bu istiqamətdə müxtəlif təlim və seminarlar keçirilir, beynəlxalq təcrübə öyrənilir və federasiyalara metodiki dəstək göstərilir.

Təqdimatda idman mühitində yarana biləcək yeni çağırışlar, o cümlədən rəqəmsal zorakılıq, kiberbullinq və digər risklərə qarşı mübarizə məsələlərinə də toxunulub. Federasiya nümayəndələrinə beynəlxalq təcrübə və müasir təhlükəsizlik yanaşmaları barədə məlumat verilib.

Qeyd edilib ki, tədbirin əsas məqsədi idman federasiyalarında təhlükəsiz, inklüziv və sağlam mühitin formalaşdırılmasına dəstək vermək, xüsusilə uşaq və gənc idmançıların hüquqlarının daha etibarlı şəkildə qorunmasını təmin etməkdir.







Offside