6 iyun 2026. Şənbə

Azərbaycan güləş milliləri müxtəlif bölgələrdə hazırlıqlarını davam etdirir


  • Offside
  • 14:27 05.06.2026
  • Oxunma sayı: 22
Azərbaycan güləş milliləri müxtəlif bölgələrdə hazırlıqlarını davam etdirir

Azərbaycanın güləş milliləri qarşıdakı beynəlxalq yarışlara hazırlıq prosesini müxtəlif bölgələrdə davam etdirirlər.

Bu barədə 90deqiqe.Az-a Azərbaycan Güləş Federasiyasından məlumat verilib.

Bakıda keçiriləcək dünya çempionatına hazırlıq çərçivəsində sərbəst və yunan-Roma güləşi üzrə U-17 millisi fərqli məkanlarda təlim-məşq toplanışları keçirir. Sərbəst güləşçilər mayın 24-dən Xaçmaz Olimpiya İdman Kompleksində hazırlıq prosesinə başlayıb və iyunun 6-da toplanışı yekunlaşdıracaqlar. Yunan-Roma güləşçiləri isə Göygöl Olimpiya İdman Kompleksində iyunun 1-dən 11-dək hazırlıq keçirlər.

U-20 yaş qrupu üzrə yığmalar isə iyulun 6–12-də Şimali Makedoniyanın Skopye şəhərində keçiriləcək Avropa çempionatına Göygöl Olimpiya İdman Kompleksində hazırlaşırlar. Hər iki komanda iyunun 1-dən etibarən birgə təlim-məşq toplanışına start verib və hazırlıq prosesi iyunun 12-də başa çatacaq.

Böyüklərdən ibarət sərbəst güləş millisi isə sabahdan Şamaxı Olimpiya İdman Kompleksində toplanışa başlayacaq. Bu hazırlıq prosesi iyulun 15–19-da Macarıstanın Budapeşt şəhərində keçiriləcək reytinq turnirinə hazırlıq xarakteri daşıyır və iyunun 20-dək davam edəcək.

Qeyd edək ki, güləş üzrə dünya çempionatı iyulun 27-dən avqustun 2-dək Bakıda təşkil olunacaq.







Offside