- Offside
- 22:57 08.06.2026
Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə İsveçin Helsinborq şəhərində keçirilən nüfuzlu “WTT Youth Contender” turnirində uğurlu çıxışı ilə yadda qalıb.
Federasiyadan 90deqiqe.Az-a bildirilib ki, gənc idmançı qrup mərhələsində İsveç və Fransa təmsilçilərinə qalib gələrək mərhələni lider kimi başa vurub və pley-offa vəsiqə qazanıb.
Onur Quluzadə pley-off mərhələsində də uğurlu seriyasını davam etdirərək İsrail və Lüksemburqdan olan rəqiblərini məğlub edib. Azərbaycan təmsilçisi bu nəticə ilə yarımfinala yüksəlib.
Finala gedən yolda Fransa idmançısı ilə qarşılaşan Quluzadə gərgin mübarizəyə baxmayaraq rəqibinə uduzub. Bununla da o, turniri üçüncü pillədə başa vuraraq bürünc medala sahib çıxıb.
Qeyd edək ki, Azərbaycan stolüstü tennisçisi hazırda Beynəlxalq Stolüstü Tennis Federasiyasının (ITTF) İsveçin Halmstad şəhərində təşkil etdiyi təlim-məşq toplanışında iştirak edir. İyunun 13-dək davam edəcək hazırlıq prosesi gənc idmançının beynəlxalq arenadakı növbəti yarışlara hazırlığı baxımından mühüm əhəmiyyət daşıyır.