- Offside
- 22:57 08.06.2026
Azərbaycan Atıcılıq Federasiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən stend atıcılığı üzrə Azərbaycan Kuboku başa çatıb.
AAF-dan 90deqiqe.Az-a bildirilib ki, Bakı Atıcılıq Mərkəzində təşkil olunan yarış ölkənin müxtəlif bölgələrindən olan ən güclü stend atıcılarını bir araya gətirib. Beş gün davam edən turnirdə iştirakçılar səngər və dairəvi stend növləri üzrə həm böyüklər, həm də U-21 yaş kateqoriyalarında mübarizə aparıblar.
Səngər stendi üzrə ümumi kateqoriyada Ramil Rüstəmzadə bütün rəqiblərini qabaqlayaraq birinci yerə layiq görülüb. Mürtəza Novruzlu ikinci, Tamerlan Məmmədov isə üçüncü olub.
Dairəvi stend üzrə ümumi kateqoriyada isə Riqina Meftahətdinova çempionluq sevinci yaşayıb. Niyaz Ağazadə yarışı ikinci, Fuad Qurbanov isə üçüncü pillədə tamamlayıb.
U-21 yaş kateqoriyasında səngər stendi üzrə Mürtəza Novruzlu qızıl medal qazanıb. Cəlal Məmmədov ikinci, Nərmin Cəfərova isə üçüncü yeri tutub.
Dairəvi stend üzrə U-21 kateqoriyasında Məhəmməd Teyublu fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib. İslam Əjdərov gümüş, Aslan Qurbanov isə bürünc medala sahib çıxıb.
Yarışın nəticələri Azərbaycanın stend atıcılığı üzrə perspektivli idmançılarının hazırlıq səviyyəsini bir daha nümayiş etdirib və ölkə çempionatları öncəsi mühüm sınaq xarakteri daşıyıb.