- Offside
- 21:25 11.06.2026
Milli Gimnastika Arenasında batut gimnastikası üzrə 10-cu, tamblinq üzrə isə 22-ci ölkə çempionatı uğurla başa çatıb.
Azərbaycan Gimnastika Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, yarışda Bakı Gimnastika Məktəbi və “Ocaq Sport” klubunu təmsil edən ümumilikdə 50-yə yaxın idmançı müxtəlif yaş kateqoriyalarında mübarizə aparıb.
İdmançılar batut gimnastikası üzrə fərdi və sinxron proqramlarda, tamblinq üzrə isə fərdi proqramlarda çıxış edərək hazırlıq səviyyələrini nümayiş etdiriblər. Yarış gərgin və maraqlı mübarizə şəraitində keçib.
Çempionatda tanınmış gimnastlar da çıxış ediblər. Batut gimnastikası üzrə sinxron proqramda dünya çempionatının bürünc mükafatçısı və “Paris-2024” Yay Olimpiya Oyunlarının iştirakçısı Selcan Mahsudova, eləcə də III MDB Oyunlarının qızıl medalçısı Maqsud Mahsudov da qüvvəsini sınayıb.
Tamblinq üzrə isə ikiqat dünya çempionu Tofiq Əliyev, üçqat dünya çempionu Mixail Malkin və ikiqat dünya çempionu Adil Hacızadə də yarışda iştirak ediblər.
Nəticələrə əsasən, batut gimnastikasında qadınların fərdi yarışında Selcan Mahsudova, kişilərdə isə Maqsud Mahsudov qızıl medal qazanıb.
Tamblinq üzrə yarışlarda Tofiq Əliyev birinci, Mixail Malkin ikinci, Adil Hacızadə isə üçüncü yeri tutub.
Qeyd edək ki, çempionatın əsas məqsədi gənc və perspektivli gimnastların üzə çıxarılması, onların yarış təcrübəsinin artırılması və ölkədə batut gimnastikası ilə tamblinq növlərinin inkişafına dəstək verməkdir.