- Offside
- 21:25 11.06.2026
Azərbaycanda məktəblilər arasında idmanın inkişafına töhfə verəcək yeni layihəyə start verilir.
90deqiqe.Az xəbər verir ki, Elm və Təhsil Nazirliyi ilə Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və müvafiq idman federasiyalarının dəstəyi ilə ölkədə ilk dəfə Məktəblilərin Respublika İdman Olimpiadası keçiriləcək.
Məqsəd məktəblilər arasında sağlam həyat tərzinin təbliği, idmana marağın artırılması, fiziki hazırlığın yüksəldilməsi və perspektivli gənc istedadların aşkar edilməsidir.
Olimpiada çərçivəsində iştirakçılar ağırlıqqaldırma, atletika, badminton, basketbol, boks, cüdo, yunan-Roma güləşi, sərbəst güləş, bədii gimnastika, stolüstü tennis, taekvondo və velosiped idmanı üzrə mübarizə aparacaqlar.
Yarışlarda Azərbaycanın 59 şəhər və rayonunu təmsil edən 2000-dən çox məktəbli iştirak edəcək. Olimpiadaya qatılan şagirdlər Elm və Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin tabeliyində fəaliyyət göstərən, eləcə də Naxçıvan Muxtar Respublikasındakı uşaq-gənclər idman məktəblərinin yetirmələridir.
Məktəblilərin Respublika İdman Olimpiadasının təntənəli açılış mərasimi iyunun 20-də Bakı Kristal Zalında keçiriləcək. Yarışlar isə iyunun 21-dən 26-dək davam edəcək.