11 iyun 2026. Cümə axşamı

Azərbaycan Badminton Federasiyası Ruandaya dəstəyini davam etdirir


  • Offside
  • 15:59 11.06.2026
  • Oxunma sayı: 32
Azərbaycan Badminton Federasiyası Ruandaya dəstəyini davam etdirir

Azərbaycan Badminton Federasiyası (ABF) Afrikada badmintonun inkişafına yönəlmiş beynəlxalq layihəsini davam etdirir.

90deqiqe.Az xəbər verir ki, Dünya Badminton Federasiyası (BWF) və Afrika Badminton Konfederasiyası ilə əməkdaşlıq çərçivəsində bu dəfə Ruanda Badminton Federasiyasına müxtəlif idman ləvazimatları təqdim olunub.

Layihə çərçivəsində Afrika ölkəsinin badminton qurumu raketka, volan və digər zəruri avadanlıqlarla təmin edilib. Təşəbbüsün əsas məqsədi sosial məsuliyyət prinsipləri əsasında Afrikada badmintonun inkişafına dəstək vermək, bu idman növünün daha geniş yayılmasına töhfə göstərməkdir.

Ruanda Badminton Federasiyası Azərbaycan tərəfinə ünvanladığı rəsmi məktubda göstərilən dəstəyə görə təşəkkürünü ifadə edib. Qurum təqdim olunan avadanlıqların ölkədə badminton üzrə ilk çempionatın uğurla təşkilində mühüm rol oynadığını vurğulayıb.

Məktubda həmçinin ABF ilə uzunmüddətli əməkdaşlıqda maraqlı olduqları qeyd edilib. Ruanda tərəfi Azərbaycanın badminton sahəsində qazandığı təcrübədən yararlanmaq, ölkədə bu idman növünün inkişafını sürətləndirmək və gələcəkdə beynəlxalq səviyyədə rəqabət apara biləcək idmançıların yetişdirilməsinə nail olmaq istədiyini bildirib.

Beləliklə, Azərbaycan Badminton Federasiyası beynəlxalq əməkdaşlıq layihələri vasitəsilə təkcə ölkə daxilində deyil, qitələrarası miqyasda da badmintonun inkişafına töhfə verməyə davam edir.







Offside