- Offside
- 21:25 11.06.2026
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında avarçəkmə üzrə yarışlar başa çatıb.
90deqiqe.Az xəbər verir ki, yarışda 10 dövlət qurumundan 36 əməkdaş K-1 və K-2 kateqoriyaları üzrə kişilər, qadınlar və qarışıq cütlüklərdə mübarizə aparıblar.
Yarışda Fövqəladə Hallar Nazirliyinin (FHN) 5 nəfərdən ibarət komandası da yüksək nəticələr əldə edib.
K-1 kateqoriyasında kişilər arasında FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı, gizir Rüfət Əhmədov bütün rəqiblərini qabaqlayaraq qızıl medal qazanıb. FHN-in Akademiyasının əməkdaşı kapitan Özcan Kərimov isə bürünc medala layiq görülüb.
Qadınların mübarizəsində Bakı Regional Mərkəzinin əməkdaşı baş leytenant Leyla Əliyeva birinci yeri tutub, Mərkəzi aparatın əməkdaşı Mələkxanım Məmmədova isə gümüş medal əldə edib.
Qarışıq cütlüklər arasında K-2 yarışında Rüfət Əhmədov və Leyla Əliyeva qızıl medal qazanıblar. Kişi cütlüklər arasında isə Özcan Kərimov və Mülki müdafiə qoşunlarının əməkdaşı baş leytenant Elxan Əsədov birinci yerə sahib çıxıblar. Qadın cütlüklərin mübarizəsində isə Leyla Əliyeva və Mələkxanım Məmmədova fəxri kürsünün ən yüksək pilləsinə yüksəliblər.
Sonda qaliblərə Gənclər və İdman Nazirliyinin diplom və medalları təqdim olunub.