19 avqust 2026. Çərşənbə

Atletika üzrə Azərbaycan çempionatına start verildi


  • Offside
  • 20:52 12.06.2026
  • Oxunma sayı: 136
Atletika üzrə Azərbaycan çempionatına start verildi

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Atletika Federasiyasının (ATF) birgə təşkilatçılığı əsasında keçirilən atletika üzrə Azərbaycan çempionatının açılış mərasimi baş tutub.

90deqiqe.Az xəbər verir ki, Azərbaycan İdman Akademiyasının stadionunda təşkil olunan tədbir iştirakçı komandaların və idmançıların paradı ilə başlayıb.

Açılış mərasimində çıxış edən ATF-nin vitse-prezidenti Könül Nurullayeva ölkə çempionatının həm atletlərin, həm də federasiyanın qarşıdakı beynəlxalq yarışlara hazırlığı baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.

O qeyd edib ki, sayca 97-ci dəfə təşkil olunan Azərbaycan çempionatı Balkan Oyunları və Avropa çempionatı kimi nüfuzlu yarışlara seçim xarakteri daşıyır, eyni zamanda digər beynəlxalq turnirlər üçün hazırlıq prosesinin vacib mərhələsidir.

Könül Nurullayeva yarışda 135-dən çox atletin mübarizə apardığını vurğulayaraq, iştirakçıların çempionata ciddi hazırlaşdıqlarını və yüksək nəticələr göstərəcəklərinə inandığını bildirib.

Dövlət Himninin səsləndirilməsindən sonra ölkə çempionatı rəsmi olaraq açıq elan edilib.

Qeyd edək ki, yarışda Azərbaycan millisinin aparıcı üzvləri ilə yanaşı, ölkənin müxtəlif bölgələrini təmsil edən ən güclü atletlər iştirak edirlər. Atletika üzrə Azərbaycan çempionatına iyunun 13-də yekun vurulacaq.







Offside