- Offside
- 21:50 14.06.2026
Fəvvarələr meydanında keçirilən “Gimnastika hamı üçün” 4-cü Bakı Beynəlxalq “Challenge” festivalı başa çatıb.
90deqiqe.Az xəbər verir ki, iki gün davam edən tədbirdə Azərbaycanla yanaşı, Türkiyə, Gürcüstan və Litvadan olan komandalar da iştirak ediblər.
Festival çərçivəsində ümumilikdə 900-ə yaxın iştirakçı və 60 komanda çıxış edib. Azərbaycanı təkcə paytaxtdan deyil, ölkənin müxtəlif bölgələrindən gələn iştirakçılar da təmsil ediblər.
Beynəlxalq tədbirə Syerra Leone və Uqanda komandaları da qoşulub. Həmin ölkələrin təmsilçiləri çıxışlarını videoformatda təqdim ediblər.
İştirakçılar 50 yaşdan aşağı və 50 yaşdan yuxarı olmaqla iki yaş kateqoriyası üzrə hazırladıqları proqramları nümayiş etdirərək bacarıqlarını sərgiləyiblər.
Festivalın son günündə qala şou təşkil olunub. Tədbirin yekununda iştirakçılar müxtəlif nominasiyalar üzrə mükafatlandırılaraq təltif ediliblər.
Qeyd edək ki, “Gimnastika hamı üçün” Bakı Beynəlxalq “Challenge” festivalı hər il müxtəlif yaş qruplarından olan iştirakçıları bir araya gətirərək sağlam həyat tərzinin təşviqinə və gimnastikanın kütləviləşdirilməsinə xidmət edir.