16 iyun 2026. Çərşənbə axşamı

Goranboyda XXIX “Şahin” hərbi-idman oyununun final mərhələsinə start verilib


  • Offside
  • 10:00 16.06.2026
  • Oxunma sayı: 53
Goranboyda XXIX “Şahin” hərbi-idman oyununun final mərhələsinə start verilib

Goranboyda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş XXIX “Şahin” hərbi-idman oyununun respublika final mərhələsinin təntənəli açılış mərasimi keçirilib.

90deqiqe.Az xəbər verir ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə Goranboy Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə dövlət rəsmiləri, hüquq-mühafizə orqanlarının nümayəndələri və yarış iştirakçıları iştirak ediblər.

Əvvəlcə gənclər və idman naziri Fərid Qayıbov, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev və digər rəsmi şəxslər Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edərək onun xatirəsini ehtiramla yad ediblər.

Daha sonra iştirakçılar Şəhidlər Xatirə Kompleksini ziyarət edərək Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsinə ehtiramlarını bildiriblər.

Tədbir çərçivəsində hərbi orkestrin müşayiəti ilə Heydər Əliyev Parkına yürüş təşkil olunub. Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Dövlət Himni səsləndirilib, Ümummilli Liderə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Mərasimin rəsmi hissəsində çıxış edən Fərid Qayıbov, Məhərrəm Quliyev və digər rəsmilər yarış iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıblar. Çıxışlarda vurğulanıb ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan “Şahin” hərbi-idman oyunları uzun illərdir gənclərin vətənpərvərlik ruhunda formalaşmasına, fiziki və mənəvi hazırlığının gücləndirilməsinə mühüm töhfə verir.

Qeyd olunub ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Zəfərdən sonra gənclərin hərbi xidmətə və Vətən müdafiəsinə marağı daha da artıb. “Şahin” yarışları da bu istiqamətdə gələcəyin hərbçilərinin yetişməsində mühüm rol oynayır.

Rəsmi çıxışlardan sonra final mərhələsinə vəsiqə qazanan komandaların təntənəli parad keçidi baş tutub. Hərbi orkestrin müşayiəti ilə keçirilən yürüş tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

Tədbirdən sonra gənclər və idman naziri və rayon rəhbərliyi iştirakçılar üçün yaradılmış təlim-məşq düşərgəsinə baş çəkərək onların hazırlıq səviyyəsi və məişət şəraiti ilə tanış olublar. Rəsmilər müasir avadanlıqlarla təchiz edilmiş səhra çadırlarına baxış keçirib, burada gənclərin hərbi-taktiki bilik və bacarıqlarının artırılması üçün yaradılan imkanlarla maraqlanıblar.

Qeyd edək ki, yarışlar çərçivəsində komandalar müxtəlif hərbi-idman normativləri üzrə qüvvələrini sınayacaq və respublikanın ən güclü “Şahin” komandası müəyyənləşəcək.







Offside