16 iyun 2026. Çərşənbə axşamı

UFC Bakı turnirinə 67 ölkədən bilet alınıb


  • Offside
  • 12:06 16.06.2026
  • Oxunma sayı: 42
UFC Bakı turnirinə 67 ölkədən bilet alınıb

Bakıda keçiriləcək UFC turniri beynəlxalq azarkeşlərin böyük marağına səbəb olub.

Bakı Şəhər Halqasından 90deqiqe.Az-a verilən məlumata görə, iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq mötəbər döyüş gecəsinə biletlər dünyanın 67 ölkəsindən olan azarkeşlər tərəfindən satın alınıb.

Turnirə ən yüksək maraq ABŞ, Böyük Britaniya, Almaniya, Türkiyə, Qazaxıstan və İsraildən qeydə alınıb. Bu göstərici Bakının qlobal idman tədbirlərinə ev sahibliyi edən nüfuzlu mərkəzlərdən birinə çevrildiyini bir daha nümayiş etdirir.

Qeyd edək ki, Azərbaycan hazırda MDB məkanında, Mərkəzi Asiyada və Cənubi Qafqazda UFC turnirlərinə ev sahibliyi edən yeganə ölkə statusunu daşıyır.

Turnirin əsas qarşılaşmasında Azərbaycan təmsilçisi Rafael Fiziyev meksikalı Manuel Torreslə üz-üzə gələcək. Gecənin ikinci əsas döyüşündə isə orta çəki dərəcəsində çıxış edən Şarabutdin "Shara Bullet" Maqomedov braziliyalı Mişel Pereyra ilə münasibətlərinə aydınlıq gətirəcək.

UFC Bakı turnirində daha bir Azərbaycan döyüşçüsü Fərman Həsənov da qüvvəsini sınayacaq. O, ABŞ təmsilçisi Erik Nolanla qarşılaşacaq.







Offside