- Offside
- 21:03 16.06.2026
İyunun 18-də Bakı Şəhər Gənclər və İdman İdarəsi və Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə avarçəkmə və kanoe üzrə açıq Bakı birinciliyi keçiriləcək.
90deqiqe.Az xəbər verir ki, bu barədə Azərbaycan Su İdman Növləri Federasiyası məlumat yayıb.
Yarış Bakı bulvarında, Su İdman Növləri Federasiyasının qarşısında, “Suraxanı” gəmi-muzeyinin yaxınlığında təşkil olunacaq.
Birincilikdə Bakı və Mingəçevirdən ümumilikdə 100-ə yaxın idmançı mübarizə aparacaq. Yarışlar 2008–2009, 2010–2011 və 2012–2013 təvəllüdlü idmançılar arasında, oğlan və qızlar kateqoriyasında keçiriləcək.
İştirakçılar akademik avarçəkmə və kanoe növündə birnəfərlik qayıqlarda, kayak yarışlarında isə həm birnəfərlik, həm də ikinəfərlik qayıqlarda qüvvələrini sınayacaqlar. Bütün növlərdə məsafə 500 metr müəyyən edilib.
Qaliblər diplom və medallarla təltif olunacaqlar.