- Offside
- 17:52 18.06.2026
Milli Paralimpiya Komitəsinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Sumqayıt Paralimpiya İdman Kompleksində ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı təşkil olunub.
90deqiqe.Az xəbər verir ki, yarışda 30-a yaxın yeniyetmə və gənc paraüzgüçü 9 müxtəlif kateqoriya üzrə mübarizə apararaq öz bacarıqlarını nümayiş etdiriblər.
Tədbirdə ikiqat Paralimpiya çempionu İlham Zəkiyev, Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov, Milli Paralimpiya Komitəsinin rəhbərliyi, eləcə də tərəfdaş qurumların və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Ölkədə ilk dəfə keçirilən çempionatın əsas məqsədi əlilliyi olan şəxslərin idmana cəlb olunmasını təşviq etmək, onların idman bacarıqlarının inkişafına dəstək vermək, həmçinin beynəlxalq yarışlar üçün perspektivli paraüzgüçülərin müəyyənləşdirilməsi və milli komandanın ehtiyat bazasının formalaşdırılmasıdır.
Qeyd edək ki, bu yarış paraüzgüçülük növünün ölkədə inkişafı, idmançıların yarış təcrübəsinin artırılması və milli komanda üçün yeni namizədlərin üzə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır.
Gərgin və maraqlı mübarizə şəraitində keçən çempionatın sonunda qaliblərin mükafatlandırma mərasimi təşkil olunub. Qaliblərə medal, sertifikat və hədiyyələr təqdim edilib.