- Offside
- 22:22 19.06.2026
Şəki şəhərində “Sheki Open 2026” Beynəlxalq Şahmat Festivalının təntənəli açılış mərasimi keçirilib.
90deqiqe.Az xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyası məlumat yayıb.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış mərasimində Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov, yarışın təşkilatçısı Təbriz İdrisov və Vahid Mustafayev çıxış edərək iştirakçıları salamlayıb, festivalın əhəmiyyətindən və Azərbaycanın şahmat ənənələrindən danışıblar.
Fəxri qonaqlar sırasında Azərbaycan Şahmat Federasiyasının 1-ci vitse-prezidenti Faiq Həsənov da yer alıb.
Daha sonra festivalın baş hakimi, beynəlxalq hakim Şaiq Quliyev yarışın qaydaları və təşkilati məsələlər barədə iştirakçılara ətraflı məlumat verib.
Festivalda Azərbaycanla yanaşı Macarıstan, Hindistan, İsrail, Qazaxıstan, Çin, İran, Türkiyə, Ukrayna və FIDE bayrağı altında çıxış edən şahmatçılar olmaqla 9 ölkədən 400-dən çox iştirakçı mübarizə aparır.
Beynəlxalq reytinq hesablamalı turnir İsveçrə sistemi üzrə 9 turdan ibarətdir. Yarış iştirakçıları A, B və C qruplarında, eləcə də rapid və blits üzrə yarışlarda qüvvələrini sınayacaqlar.
Reytinq favoriti Macarıstan təmsilçisi, beynəlxalq qrossmeyster Sanan Sjugirovdur (2556).
Qeyd edək ki, festival peşəkar şahmatçılarla yanaşı gənc istedadların inkişafı üçün də mühüm platforma hesab olunur. Turnir iyunun 25-dək davam edəcək.