- Offside
- 21:10 22.06.2026
Azərbaycanın yeniyetmə badmintonçusu Leyla Camalzadə Serbiyanın Novi Sad şəhərində keçirilən "Serbian U-17 International" turnirində uğurlu çıxışı ilə yadda qalıb.
90deqiqe.Az xəbər verir ki, bu barədə Azərbaycan Badminton Federasiyası məlumat yayıb.
Təmsilçimiz yarışa inamlı qələbə ilə başlayıb. Leyla Camalzadə ilk görüşdə Rumıniya badmintonçusu Ariana Qiurqieni 2:0 (21:5, 21:6) hesabı ilə məğlub edib. O, növbəti mərhələdə Xorvatiya təmsilçisi Maya Praniç üzərində 2:1 (22:20, 16:21, 21:15) hesablı qələbə qazanaraq 1/8 finala yüksəlib.
Camalzadə 1/8 finalda Türkiyədən olan Elanur Taşkıranı 2:0 (21:19, 21:15) hesabı ilə üstələyib. Azərbaycan badmintonçusu 1/4 finalda isə Polşa təmsilçisi Hanna Vileqa ilə gərgin keçən qarşılaşmadan qalib ayrılıb – 2:1 (21:7, 15:21, 21:19).
Yarımfinala yüksəlməklə turnirin bürünc medalını təmin edən Leyla Camalzadə finala gedən yolda Bolqarıstan badmintonçusu Mariya Popovaya 0:2 (16:21, 14:21) hesabı ilə məğlub olub.
Beləliklə, Azərbaycan badmintonçusu beynəlxalq turniri bürünc medalla başa vurub.