- Offside
- 21:10 22.06.2026
Azərbaycan taekvondoçuları Bosniya və Herseqovinada keçirilən "Bosnia Open" beynəlxalq turnirini yeddi medalla başa vurublar.
90deqiqe.Az xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyası məlumat yayıb.
Bildirilib ki, yarışda federasiyanın müxtəlif klublarını təmsil edən yeniyetmə və gənc idmançılar mübarizə aparıblar. Təmsilçilərimiz turnirdə 1 qızıl, 2 gümüş və 4 bürünc medal əldə ediblər.
Gənclər arasında mübarizə aparan Allahverdi Məmmədov (+78 kq, "Atlet" TK) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və qızıl medala sahib çıxıb.
Aliyə Məmmədli (+59 kq, yeniyetmələr, "Altay" TK) və Sadiq Məmmədzadə (53 kq, yeniyetmələr, "Alpman" TK) yarışın gümüş medalını qazanıblar.
Bürünc mükafatlara isə Zəhra Vəliyeva (59 kq, gənclər, "Asiman" TK), Sübhan Rzayev (41 kq, yeniyetmələr, "Alpman" TK), Məhəmməd Bağırov (33 kq, yeniyetmələr, DGK İSM) və Rəsul İsmayılov (59 kq, gənclər, DGK İSM) layiq görülüblər.
Beləliklə, Azərbaycan taekvondoçuları nüfuzlu beynəlxalq turnirdə uğurlu çıxış edərək ölkənin medal hesabına yeddi mükafat yazdırıblar.