- Offside
- 21:10 22.06.2026
15 İyun – Milli Qurtuluş Günü münasibətilə Azərbaycan Şahmat Federasiyası və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq reytinqli şahmat turnirinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
90deqiqe.Az xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyası məlumat yayıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Bəxtiyar Məmmədov və Naxçıvanın təhsil naziri Elxan Nəcəfov iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, eləcə də Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Daha sonra baş hakim Urfan Sevdimalıyev yarışın gedişatı barədə məlumat verib. Ardınca turnirin hakimləri Urfan Sevdimalıyev, Əli Hüseynzadə və Ramilə Hüseynova təltif olunublar.
Yarışın nəticələrinə əsasən, Mirsaleh Seyidov birinci, Yasin Əzimov ikinci, Nəsrin Babayeva isə üçüncü yeri tutub.
Müxtəlif yaş kateqoriyaları üzrə də qaliblər müəyyənləşib. Ən kiçik şahmatçılar arasında Tuncay Behbudov və Dəniz Abbasbəyli, 8 yaş kateqoriyasında Ayla Cəfərli, 10 yaşda Məhəmməd Rza, 12 yaşda Rail Qasımlı, 14 yaşda Lətif Muradlı, veteranlar arasında Adil Sevdimalıyev, qadınlar arasında isə Nigar Qənbərli fərqləniblər.