22 iyun 2026. Bazar ertəsi

Gənclər və idman naziri qadın millimizin dünya çempionatındakı çıxışını yüksək qiymətləndirib


  • Offside
  • 18:37 22.06.2026
  • Oxunma sayı: 38
Gənclər və idman naziri qadın millimizin dünya çempionatındakı çıxışını yüksək qiymətləndirib

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvləri gənclər və idman naziri Fərid Qayıbovla görüşüblər.

90deqiqe.Az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyin dəvəti ilə keçirilən görüşdə millinin futbolçuları, məşqçi və texniki heyəti iştirak edib.

Söhbət zamanı komandanın 2027-ci il dünya çempionatının seçmə mərhələsində göstərdiyi çıxış və əldə etdiyi nəticələr müzakirə olunub. Fərid Qayıbov yığmanın keçirdiyi 6 oyundan 4-də qələbə qazanaraq 12 xalla ikinci yeri tutmasını yüksək nəticə kimi qiymətləndirib.

Nazir komandanın nümayiş etdirdiyi əzmkar oyun və peşəkar yanaşmanı xüsusi vurğulayaraq futbolçuları təbrik edib, əldə olunan uğurların ölkədə qadın futbolunun inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. O, həmçinin UEFA Millətlər Liqasının növbəti mövsümündə millinin daha uğurlu nəticələr göstərəcəyinə inamını ifadə edib.

Görüşdə AFFA-nın Qadın Futbolu Departamentinin rəhbəri Zümrüd Ağayeva ölkədə qadın futbolunun mövcud vəziyyəti və inkişaf istiqamətləri barədə məlumat verib. Millinin baş məşqçisi Siyasət Əsgərov isə komandanın hazırlıq prosesi və qarşıdakı hədəflərdən danışıb.

Sonda millinin kapitanı Sevinc Cəfərzadə Fərid Qayıbova xatirə hədiyyəsi olaraq Azərbaycan yığmasının formasını təqdim edib.







Offside