24 iyun 2026. Çərşənbə

Bakıda UFC döyüş həftəsi çərçivəsində açıq məşq və fan-zona təşkil olunacaq


  • Offside
  • 11:49 23.06.2026
  • Oxunma sayı: 26
Bakıda UFC döyüş həftəsi çərçivəsində açıq məşq və fan-zona təşkil olunacaq

Bakıda keçiriləcək UFC turniri ərəfəsində azarkeşlər üçün açıq məşq və fan-zona proqramı təşkil ediləcək.

Bakı Şəhər Halqasından 90deqiqe.Az-a verilən məlumata görə, tədbir iyunun 24-də Dənizkənarı Milli Parkda, “Yeddi Gözəl” fəvvarəsinin yaxınlığında baş tutacaq. Açıq məşq saat 17:00-da başlayacaq və 19:30-dək davam edəcək.

Tədbir çərçivəsində UFC turnirinin əsas döyüşünün iştirakçıları Rafael Fiziyev və Manuel Torres, gecənin ikinci əsas qarşılaşmasının iştirakçısı Şarabutdin Maqomedov, eləcə də Azərbaycan təmsilçiləri Nazim Sadıxov və Fərman Həsənov azarkeşlərlə görüşəcəklər.

Proqram zamanı döyüşçülər nümayiş məşqləri keçəcək, həmçinin azarkeşlərin suallarını cavablandıracaqlar. UFC döyüş həftəsinin ən maraqlı tədbirlərindən biri hesab olunan açıq məşq tamaşaçılara idmançıları yaxından izləmək və onlarla birbaşa ünsiyyət qurmaq imkanı verəcək.

Tədbir ərazisində fan-zona da fəaliyyət göstərəcək. Burada azarkeşlər interaktiv oyunlarda iştirak edə, fotozonalarda şəkillər çəkdirə və UFC-nin rəsmi məhsulları ilə tanış ola biləcəklər.

Qeyd edək ki, UFC turniri iyunun 27-də Bakıdakı Milli Gimnastika Arenasında təşkil olunacaq.







Offside