28 iyun 2026. Bazar günü

UFC Bakı: Fərman Həsənov Erik Nolanı məğlub etdi - YENİLƏNİB


  • Offside
  • 19:59 27.06.2026
  • Oxunma sayı: 32
UFC Bakı: Fərman Həsənov Erik Nolanı məğlub etdi  - YENİLƏNİB

Bakıda keçirilən Mütləq Döyüş Çempionatının (UFC) turnirində ilkin qarşılaşmalara yekun vurulub.

90deqiqe.Az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan yarışın prelim döyüşlərində Azərbaycan təmsilçiləri Tahir Abdullayev və Fərman Həsənov azarkeşləri sevindiriblər.

Yarımorta çəki dərəcəsində çıxış edən Tahir Abdullayev UFC-də debütünü qələbə ilə qeyd edib. O, braziliyalı Cefferson Nasimentonu məğlub edərək karyerasında əlamətdar nəticəyə imza atıb.

İlkin proqramın son döyüşündə isə Fərman Həsənov ABŞ təmsilçisi Erik Nolanla üz-üzə gəlib. Hər üç raund ərzində üstün təsir bağışlayan Azərbaycanlı döyüşçü hakimlərin yekdil qərarı ilə qalib elan olunub.

Gecənin digər qarşılaşmalarında Braziliya təmsilçisi Jan Matsumoto qazaxıstanlı Bekzat Almakhanı hakimlərin qərarı ilə məğlub edib. Ukraynalı Daniil Donçenko isveçli Teodor Berggen üzərində ikinci raundda vaxtından əvvəl qələbə qazanıb.

Avstraliya təmsilçisi Kaan Ofli kolumbiyalı Xavyer Reyesi, özbəkistanlı Nursulton Ruziboev isə rusiyalı Andrey Pulyaevi ilk raundda boğucu fəndlə məğlub edib. Türkiyəni təmsil edən Abdul Rahman Yahyaev isə amerikalı Culius Uolkeri ilk raundun ilk saniyələrində nokaut edərək gecənin ən sürətli qələbələrindən birinə imza atıb.

Qeyd edək ki, "UFC Fight Night Baku"nun əsas kartında Azərbaycanın daha iki döyüşçüsü – Nazim Sadıxov və Rafael Fiziyev oktaqona çıxacaq. Gecənin əsas döyüşündə Rafael Fiziyev meksikalı Manuel Torreslə qarşılaşacaq.







Offside