- Offside
- 23:56 30.06.2026
Bakıda "Təmiz idman uğrunda" forumu təşkil olunub.
90deqiqe.Az xəbər verir ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) və Azərbaycan İdman Akademiyasının (ASA) birgə təşkilatçılığı, UNESCO-nun İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiyasının tərəfdaşlığı ilə keçirilən tədbir "İdmanda dürüstlük, ədalətli oyun və dopinqlə mübarizə" şüarına həsr edilib.
Forumun açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, UNESCO-nun Sosial siyasət və inklüzivlik üzrə direktoru Qustavo Merino, İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiyanın icraçı katibi Safa Koçoğlu Gürsoy və Azərbaycan İdman Akademiyasının rektoru Fuad Hacıyev çıxış edərək təmiz idman prinsiplərinin qorunmasının vacibliyini vurğulayıblar.
Tədbirin əsas məqsədi idmanda dürüstlüyün təşviqi, ədalətli rəqabət mühitinin qorunması, idmançıların sağlamlığı və hüquqlarının müdafiəsi, eləcə də antidopinq sahəsində maarifləndirmənin gücləndirilməsi olub.
Forum çərçivəsində "Qlobal antidopinq sisteminin iş prinsipləri: WADA, UNESCO Konvensiyası və beynəlxalq əməkdaşlıq mexanizmləri" mövzusunda sessiya keçirilib. Sessiyada AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə, UNESCO və Ümumdünya Antidopinq Agentliyinin (WADA) nümayəndələri, eləcə də Avropa Şurasının ekspertləri təqdimatlarla çıxış ediblər.
Daha sonra Təhminə Tağı-zadənin moderatorluğu ilə "Beynəlxalq əməkdaşlıq vasitəsilə səmərəli milli antidopinq sistemlərinin qurulması" mövzusunda mütəxəssislər paneli təşkil olunub.