1 iyul 2026. Çərşənbə

Millimiz Avropa çempionatında medal sayını yeddiyə çatdırdı


  • Offside
  • 21:43 30.06.2026
  • Oxunma sayı: 29
Millimiz Avropa çempionatında medal sayını yeddiyə çatdırdı

Azərbaycan cüdo millisi İspaniyanın Las-Palmas-de-Qran-Kanariya şəhərində keçirilən yeniyetmələr arasında Avropa çempionatında uğurlu çıxışını davam etdirir.

90deqiqe.Az xəbər verir ki, yarışın ikinci günündə yığmamız daha iki medal qazanaraq ümumi medal sayını yeddiyə yüksəldib.

73 kiloqram çəki dərəcəsində mübarizə aparan Sadiq Məmmədov finala qədər inamla irəliləsə də, həlledici görüşdə Bolqarıstan təmsilçisi İvan Nikolçevə məğlub olub və Avropa çempionatının gümüş medalına sahib çıxıb.

66 kiloqramda çıxış edən İlkin Qarayev isə üçüncü yer uğrunda görüşdə çexiyalı Hinek Şvetsi məğlub edərək bürünc medala layiq görülüb.

Xatırladaq ki, yarışın ilk günündə Azərbaycan millisinin heyətində Zəhra Quliyeva (40 kq) və Nihad Ağayev (50 kq) qızıl, Fərid Rzazadə (50 kq) gümüş, İbrahim Talıbov (55 kq) və Könül Eyvazlı (48 kq) isə bürünc medal qazanmışdı.

Beləliklə, Azərbaycan millisi iki yarış gününün ardından Avropa çempionatında 2 qızıl, 2 gümüş və 3 bürünc olmaqla ümumilikdə yeddi medal əldə edib.







Offside