2 iyul 2026. Cümə axşamı

UCI Bakı-Xankəndi veloyarışını yüksək qiymətləndirdi


  • Offside
  • 15:59 02.07.2026
  • Oxunma sayı: 28
UCI Bakı-Xankəndi veloyarışını yüksək qiymətləndirdi

Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı ilə bağlı yekun qiymətləndirmə hesabatını Azərbaycan Velosiped İdmanı Federasiyasına (AVİF) təqdim edib.

90deqiqe.Az xəbər verir ki, hesabatda yarış "gələcək üçün böyük potensiala malik, yüksək səviyyədə təşkil olunmuş tədbir" kimi dəyərləndirilib.

UCI təhlükəsizlik tədbirlərinin peşəkar səviyyədə təşkil olunduğunu, polis və tibbi xidmətlərin operativ fəaliyyət göstərdiyini xüsusi qeyd edib. Eyni zamanda, Azərbaycanda yarış marşrutunun, məsafələrin, əlverişli hava şəraitinin, zəngin təbiət mənzərələrinin və tamaşaçı marağının beynəlxalq yarış üçün mühüm üstünlüklər yaratdığı vurğulanıb.

Beynəlxalq qurum iştirakçı komandaların yerləşdirmə, qidalanma və yaradılan şəraitdən razı qaldığını bildirib. Hesabatda televiziya yayımının qənaətbəxş səviyyədə təşkil olunduğu, yarışın peşəkar və təcrübəli heyət tərəfindən idarə edildiyi də öz əksini tapıb.

UCI ümumilikdə yarışın təşkilatçılığını yüksək qiymətləndirsə də, gələcəkdə bəzi istiqamətlər üzrə təkmilləşdirmələrin aparılmasını məqsədəuyğun hesab edib.

Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan Bakı–Xankəndi Azərbaycan Velosiped Yarışı mayın 10-14-də keçirilib. Beş mərhələdən ibarət yarışda dünyanın bütün qitələrini təmsil edən 20 ölkədən 24 komanda mübarizə aparıb. İştirakçılar "Sea Breeze Resort"dan start götürərək beş gün ərzində Bakının və daha 20 şəhər və rayonun ərazisindən keçməklə 850 kilometrdən artıq məsafə qət edib, finişə Xankəndidə çatıblar. Yarışın bütün mərhələləri "Eurosport" və "CBC Sport" telekanalları vasitəsilə canlı yayımlanıb.







Offside