- Offside
- 23:23 03.07.2026
Bakıda keçiriləcək cüdo üzrə böyüklər arasında dünya çempionatının rəsmi loqosu ictimaiyyətə təqdim olunub.
90deqiqe.Az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.
Bildirilib ki, oktyabrın 4–11-də təşkil olunacaq dünya çempionatının loqosunun əsas ideyası Azərbaycanın "Odlar Yurdu" kimi tanınmasından ilhamlanır. Dizaynda istifadə olunan alov elementi ölkəmizin rəmzini əks etdirməklə yanaşı, tatamidə mübarizə aparan cüdoçuların dinamizmini, əzmkarlığını və qələbə əzmini vizual şəkildə ifadə edir.
Qeyd olunub ki, loqonun rəng palitrası dizayna müasirlik, dinamika və vizual dərinlik qazandırır. Ümumi vizual konsepsiya isə dünya çempionatının beynəlxalq nüfuzunu və cüdo idman növünün enerjisini ön plana çıxarır.
Federasiyanın məlumatına görə, rəsmi loqo Bakı-2026 dünya çempionatının vizual kimliyinin əsas elementlərindən biri olacaq və qarşıdakı dövrdə yarışın bütün kommunikasiya materiallarında, eləcə də tanıtım kampaniyalarında istifadə ediləcək.
Xatırladaq ki, cüdo üzrə böyüklər arasında dünya çempionatı oktyabrın 4–11-də Bakıda, Milli Gimnastika Arenasında keçiriləcək.