- Offside
- 23:53 05.07.2026
Portuqaliyanın Koimbra şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku Azərbaycan yığması üçün uğurlu nəticələrlə yadda qalıb.
90deqiqe.Az Azərbaycan Gimnastika Federasiyasına istinadən xəbər verir ki, tamblinq üzrə çıxış edən Mixail Malkin finalda 32.300 xal toplayaraq bütün rəqiblərini qabaqlayıb və qızıl medala sahib çıxıb. Digər təmsilçimiz Tofiq Əliyev isə 29.300 xalla bürünc medal qazanıb.
Batut gimnastikası üzrə fərdi proqramda mübarizə aparan Maqsud Mahsudov 61.440 xalla yarışı yeddinci pillədə başa vurub. Kişilərin sinxron proqramında isə Maqsud Mahsudov və Hüseyn Abbasov tandemi fəxri kürsünün üçüncü pilləsinə yüksələrək bürünc medal əldə edib.
Azərbaycan gimnastları Koimbrada təşkil olunan Coimbra GymFest beynəlxalq turnirində də uğurlu çıxışları ilə diqqət çəkiblər.
Batut gimnastikası üzrə fərdi proqramda Maqsud Mahsudov qızıl, Hüseyn Abbasov isə gümüş medal qazanıb. Tamblinq üzrə komanda yarışlarında Aleksey Karataşov, Bilal Qurbanov və Hüseyn Əsədullayev qızıl medala layiq görülüblər.
Fərdi çıxışlarda Bilal Qurbanov qızıl, Aleksey Karataşov bürünc medal əldə edib. Sənan Rzazadə də turniri qızıl medalla başa vurub. Əsnad Niftiyeva və Xədicə Məmmədzadə isə gümüş medal qazanaraq Azərbaycan komandasının uğurlarına töhfə veriblər.
Beləliklə, Azərbaycan gimnastları həm Dünya Kubokunda, həm də Coimbra GymFest turnirində qazandıqları medallarla ölkə idmanının növbəti uğur səhifəsini yazıblar.