- Offside
- 18:12 06.07.2026
Azərbaycan Milli Paralimpiya Komitəsi (AMPK) ilə İspaniya Paralimpiya Komitəsi arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
90deqiqe.Az xəbər verir ki, bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, memorandum iki ölkənin paralimpiya qurumları arasında institusional əməkdaşlığın gücləndirilməsi, təcrübə mübadiləsinin genişləndirilməsi və paraidmanın inkişafına yönəlmiş birgə layihələrin həyata keçirilməsini nəzərdə tutur.
Sənədə əsasən, tərəflər paraidmanın idarə olunması sahəsində qabaqcıl təcrübələrin paylaşılması, idmançılar və məşqçilər üçün birgə təlim-məşq toplanışlarının, seminar və təhsil proqramlarının təşkili, milli və beynəlxalq klassifikatorların hazırlanması, media, ictimaiyyətlə əlaqələr və marketinq sahəsində bilik mübadiləsi, eləcə də paralimpiya hərəkatının milli və beynəlxalq səviyyədə təşviqi istiqamətində əməkdaşlıq edəcəklər.
Qeyd olunub ki, Azərbaycan Milli Paralimpiya Komitəsi beynəlxalq əlaqələrin genişləndirilməsi məqsədilə xarici paralimpiya qurumları və beynəlxalq idman təşkilatları ilə əməkdaşlığın inkişafını bundan sonra da davam etdirəcək.