- Offside
- 22:49 07.07.2026
Qış İdman Növləri Federasiyası və Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) birgə təşkilatçılığı ilə milli komandaların üzvləri üçün antidopinqlə bağlı maarifləndirici onlayn təlim təşkil olunub.
90deqiqe.Az xəbər verir ki, federasiyanın yaydığı məlumata əsasən, təlimdə fiqurlu konkisürmə, xizək alpinizmi, dağ xizəyi və xizəklə tramplindən tullanma üzrə milli komandaların idmançıları iştirak ediblər.
AMADA-nın Təhsil məsələləri üzrə aparıcı mütəxəssisi Qüdrət Səfərovun keçirdiyi təlimin əsas məqsədi idmançıların antidopinq qaydaları barədə məlumatlılığını artırmaq, təmiz idman prinsiplərini təşviq etmək və qarşıdakı yarışlar öncəsi onların biliklərini möhkəmləndirmək olub.
Təlim zamanı idmançıların hüquq və vəzifələri, dopinq nəzarəti prosedurları, qadağan olunmuş maddələrin siyahısı, qida əlavələrinin istifadəsi zamanı yarana biləcək risklər, eləcə də antidopinq qayda pozuntularının hüquqi və idman nəticələri barədə ətraflı məlumat verilib.
Bununla yanaşı, iştirakçıların sualları cavablandırılıb, real nümunələr əsasında dopinq risklərinin qarşısının alınması yolları izah olunub və yarışlar zamanı antidopinq qaydalarına ciddi əməl etməyin vacibliyi xüsusi vurğulanıb.