- Offside
- 23:59 07.07.2026
Azərbaycan güləşçiləri Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-20 Avropa çempionatına uğurlu start veriblər.
90deqiqe.Az xəbər verir ki, yarışın ikinci günündə yunan-Roma güləşi üzrə milli komandanın üç üzvü fəxri kürsüyə qalxıb.
Emin Cavadlı (55 kq) bütün rəqiblərini üstələyərək qızıl medal qazanıb. O, final görüşündə Ermənistan təmsilçisi Edqar Petrosyana "tuş"la qalib gələrək Avropa çempionu olub.
Azərbaycan yığmasının digər üzvləri Cavidan Nehmətov (77 kq) və Orxan Hacıyev (87 kq) isə yarışı gümüş medalla başa vurublar. Nehmətov finalda ermənistanlı Samvel Terteryana 0:4, Hacıyev isə rusiyalı Mixail Şkarinə 0:10 hesabı ilə məğlub olub.
130 kq çəki dərəcəsində mübarizə aparan Museyi-Kazım Hüseyn isə bürünc medal uğrunda qarşılaşmada Türkiyə təmsilçisi Üzeyir Bostana 1:1 hesablı görüşün ilk xal prinsipinə əsasən uduzub.
Beləliklə, Azərbaycan yığması U-20 Avropa çempionatının ilk günlərində aktivinə 1 qızıl və 2 gümüş medal yazdırıb.