- Offside
- 19:08 08.07.2026
Azərbaycan Alpinizm Federasiyasının təşkilatçılığı ilə Quba rayonunun Qrız kəndində "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" uğurla başa çatıb.
90deqiqe.Az xəbər verir ki, iki gün davam edən turnir çərçivəsində iştirakçılar idman dırmanması yarışlarında qüvvələrini sınamaqla yanaşı, dağçılıq üzrə nəzəri və praktiki biliklərini də artırıblar.
Turnirin ilk günündə təbii qayalar üzərində boulderinq yarışı keçirilib. Mübarizə 10-13, 13-16 və 16 yaşdan yuxarı olmaqla üç yaş kateqoriyası üzrə təşkil olunub. İştirakçılar müxtəlif çətinlik dərəcəsinə malik marşrutlarda güc, texnika və çevikliklərini nümayiş etdiriblər.
Bununla yanaşı, idmançılar üçün dağlarda təhlükəsizlik qaydaları, dağçılıq avadanlıqlarından düzgün istifadə, sığortalanma üsulları və fövqəladə hallarda davranışla bağlı nəzəri və praktiki təlimlər, eləcə də master-klasslar təşkil edilib.
Turnirin ikinci günündə iştirakçılar Qrız kəndindən Qur-Qur şəlaləsinə qədər dağ yürüşü həyata keçiriblər. Yürüş zamanı onlar təhlükəsiz hərəkət, marşrut seçimi və komanda işi ilə bağlı öyrəndiklərini praktikada tətbiq ediblər. Daha sonra idman dırmanmasının çətinlik növü üzrə yarış keçirilib.
Ümumilikdə turnir çərçivəsində boulderinq üzrə doqquz, çətinlik növü üzrə isə beş marşrut hazırlanıb. Yarışın sonunda fərqlənən iştirakçılar diplomlarla mükafatlandırılıblar.