- Offside
- 19:08 08.07.2026
UEFA Futzal Çempionlar Liqasının 2026/2027 mövsümünün əsas mərhələsində "Araz-Naxçıvan"ın rəqibləri müəyyənləşib.
90deqiqe.Az xəbər verir ki, Azərbaycan çempionu turnirin əsas mərhələsinin B yolunda mübarizəyə başlayacaq.
Püşkün nəticəsinə əsasən, "Araz-Naxçıvan" V qrupunda Polşanın "Pyast" klubu, eləcə də ilkin mərhələnin C və E qruplarının qalibləri ilə qarşılaşacaq. V qrupunun oyunlarına Polşa ev sahibliyi edəcək.
Qeyd edək ki, ilkin mərhələnin C qrupunda Bosniya və Herseqovinanın "Buba Mara", Gürcüstanın GİU, Norveçin "Utleyra İdrettslaq" və Cəbəllütariqin LYNX klubları mübarizə aparacaq. E qrupunda isə Almaniyanın "Veilimdorf", Estoniyanın "Tallin", Ermənistanın "Unisport" və İslandiyanın "Reykyavik" komandaları yer alıb.
Əsas mərhələnin qarşılaşmaları oktyabrın 27-dən noyabrın 1-dək keçiriləcək. Qrup qalibi adını qazanan komanda birbaşa 1/8 final mərhələsinə yüksələcək.
UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, Azərbaycan və Ermənistan təmsilçiləri eyni qrupda yer ala bilməz. Bu səbəbdən "Unisport" E qrupunun qalibi olacağı təqdirdə, V qrupa həmin qrupun qalibi deyil, F qrupunun birincisi yüksələcək.
Məlumat üçün bildirək ki, turnirdə ümumilikdə 52 assosiasiyanı təmsil edən 56 klub iştirak edəcək. Onlardan 24-ü mübarizəyə birbaşa əsas mərhələdən başlayacaq.