- Offside
- 23:06 08.07.2026
Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Rusiya komandalarının beynəlxalq futbola qayıdışını əngəlləmək niyyətindədir.
90deqiqe.Az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.
Bildirilib ki, Beynəlxalq Olimpiya Komitəsinin Rusiyanın dünya yarışlarında iştirakına qoyulan məhdudiyyəti ilkin mərhələdə aradan qaldırmasına baxmayaraq, Avropa Futbol Assosiasiyaları İttifaqı Rusiya təmsilçilərinin beynəlxalq yarışlara qayıdışını dəstəkləmir.
Mənbənin məlumatına görə, qurum bununla bağlı hələlik rəsmi açıqlama verməyib. Lakin İngiltərə, Almaniya və Fransa futbol federasiyaları Rusiyanın beynəlxalq futbola qayıtmasına qəti şəkildə etiraz edirlər.
Bu səbəbdən Rusiya millisinin növbəti dünya çempionatında iştirak etməsi də mümkün görünmür. Belə ki, Avropa zonası üzrə seçmə mərhələ Beynəlxalq Futbol Federasiyası deyil, Avropa Futbol Assosiasiyaları İttifaqının nəzarəti altında keçirilir.
Xatırladaq ki, Beynəlxalq Olimpiya Komitəsi daha əvvəl 2023-cü il oktyabrın 12-dən qüvvədə olan Rusiya Olimpiya Komitəsinin fəaliyyətinin dayandırılması qərarını müvəqqəti olaraq ləğv edib.