- Offside
- 23:27 10.07.2026
Sentyabrda Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək 46-cı Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcək Azərbaycan milli komandalarının heyəti müəyyənləşib.
Federasiyadan 90deqiqe.Az-a bildirilib ki, kişilərdən ibarət yığmada Şəhriyar Məmmədyarov, Aydın Süleymanlı, Məhəmməd Muradlı, Rauf Məmmədov və Eltac Səfərli yer alıblar. Komandanın kapitanı isə Teymur Rəcəbov olacaq.
Qadınlardan ibarət millidə Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Günay Məmmədzadə və Gülnar Məmmədova çıxış edəcəklər. Yığmanın kapitanı Nicat Abasov, məşqçisi isə tanınmış qrossmeyster Qədir Hüseynov olacaq.
Bildirilib ki, hər iki milli komanda yarış öncəsi təlim-məşq toplanışına qatılacaq. Şahmatçıların lövhələr üzrə düzülüşü isə turnir ərəfəsində açıqlanacaq.
Qeyd edək ki, 46-cı Ümumdünya Şahmat Olimpiadası sentyabrın 15-27-də Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək.