11 iyul 2026. Şənbə

Avropa çempionatı öncəsi Bakıda vacib toplantı keçirildi


  • Offside
  • 09:21 11.07.2026
  • Oxunma sayı: 43
Avropa çempionatı öncəsi Bakıda vacib toplantı keçirildi

Azərbaycanın ev sahibliyi edəcəyi qadın voleybolçular arasında Avropa çempionatının (CEV EuroVolley 2026) təşkili istiqamətində hazırlıq işləri davam edir.

90deqiqe.Az xəbər verir ki, bununla bağlı Bakıda növbəti təşkilati iclas keçirilib.

Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Bəhruz Quliyevin rəhbərliyi ilə baş tutan toplantı C qrupunun oyunlarının keçiriləcəyi Milli Gimnastika Arenasında təşkil olunub.

İclas zamanı akkreditasiya prosesi, komandaların və rəsmi qonaqların qarşılanması, oyunların televiziya yayımı, təhlükəsizlik tədbirləri, eləcə də turnirlə bağlı digər təşkilati məsələlər müzakirə olunub. Qarşıdakı dövr üçün aidiyyəti istiqamətlər üzrə müvafiq tapşırıqlar da verilib.

Qeyd edək ki, avqustun 21-28-də Bakıda keçiriləcək C qrupunun oyunlarında Azərbaycan, Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya milli komandaları mübarizə aparacaq. Turnirin digər qruplarının qarşılaşmaları isə Türkiyə, Çexiya və İsveçdə təşkil olunacaq.







Offside