- Offside
- 18:50 11.07.2026
Azərbaycanın "Flame" komandası İtaliyanın Pistoya şəhərində keçirilən "Gimnastika hamı üçün" növü üzrə V "European Gym for Life Challenge" festivalında qızıl medal qazanıb.
90deqiqe.Az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.
Bildirilib ki, "Flame" komandası yarışda iştirak edən 74 kollektiv arasında ən yüksək nəticəni göstərərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Azərbaycan təmsilçisi kiçik komandalar kateqoriyasında təqdim etdiyi kompozisiya ilə həm tamaşaçıların, həm də münsiflər heyətinin rəğbətini qazanaraq festivalın qalibi adını qazanıb.
Qeyd edək ki, "European Gym for Life Challenge" Avropanın ən nüfuzlu "Gimnastika hamı üçün" festivallarından biri hesab olunur. European Gymnastics tərəfindən iki ildən bir təşkil edilən beynəlxalq tədbir müxtəlif ölkələrdən komandaları bir araya gətirərək yaradıcılıq, texniki ustalıq və komanda ruhunun nümayiş olunduğu mötəbər platforma kimi tanınır.