- Offside
- 18:50 11.07.2026
Azərbaycan Basketbol Federasiyası (ABF) Azərbaycan Basketbol Liqasının (ABL) 2026/2027-ci illər mövsümünün yarış formatını, iştirak şərtlərini və əsas normativ dəyişiklikləri açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, yeni mövsüm oktyabrın 3-də start götürəcək.
Bildirilib ki, ötən mövsümün nəticələrinə əsasən "Sabah", "Landau Lions", "Gəncə" və "Neftçi" klubları Azərbaycanı avrokuboklarda təmsil edəcəklər.
Yeni reqlamentə əsasən, səkkiz komanda üç dövrədən ibarət müntəzəm çempionatda 21 tur ərzində mübarizə aparacaq. Müntəzəm mövsümün ilk iki pilləsində qərarlaşan kollektivlər birbaşa yarımfinala yüksələcək.
Turnir cədvəlində 3-6-cı yerləri tutan komandalar isə pley-in mərhələsində mübarizə aparacaqlar. Bu mərhələnin qalibləri yarımfinala vəsiqə qazanacaqlar.
Yarımfinal və final seriyaları maksimum beş oyundan ibarət olacaq. Üç qələbə qazanan komanda növbəti mərhələyə yüksələcək, final seriyasının qalibi isə Azərbaycan Basketbol Liqasının çempionu elan olunacaq.
Müntəzəm mövsümü 7-ci və 8-ci pillələrdə başa vuran komandalar pley-out oyununda qarşılaşacaqlar. Qalib komanda növbəti mövsümdə ABL-də iştirak hüququnu qoruyacaq.
2025/2026 mövsümünün nəticələrinə əsasən, yeni çempionatda "Sabah", "Landau Lions", "Gəncə", "Neftçi", "Şəki", "Naxçıvan", "Ordu" və "NTD" klubları iştirak edəcək. Hər hansı komanda lisenziyalaşdırma tələblərini yerinə yetirmədiyi halda, federasiya ötən mövsümü 9-12-ci pillələrdə başa vuran klublar arasında dəvət prosesinə başlayacaq.
Yeni qaydalara əsasən, müntəzəm mövsümün ilk iki dövrəsi ev-səfər prinsipi ilə keçiriləcək. Üçüncü dövrədə isə turnir cədvəlində daha yüksək pillədə qərarlaşan komanda meydan sahibi olacaq.
ABF yerli basketbolçuların inkişafını dəstəkləmək məqsədilə "4+1" limitini qüvvədə saxlayıb. Hər komanda oyun ərzində meydanda eyni vaxtda ən azı bir yerli basketbolçunun iştirakını təmin etməli, mövsüm başlamazdan əvvəl isə minimum beş yerli basketbolçunu federasiyada qeydiyyatdan keçirməlidir.
Reqlamentdə yer alan əsas yeniliklərdən biri də ikili lisenziya sisteminin tətbiqidir. 2005-ci il və ya daha sonra anadan olmuş basketbolçular bundan sonra həm ABL-də, həm də ilk dəfə keçiriləcək Azərbaycan Basketbol İkinci Liqasında çıxış edə biləcəklər. Zərurət yarandıqda onların ikinci liqada iştirakı məcburi olacaq.