12 iyul 2026. Bazar günü

Azərbaycan gimnastları Portuqaliyada 12 medal qazandı


  • Offside
  • 07:57 12.07.2026
  • Oxunma sayı: 37
Azərbaycan gimnastları Portuqaliyada 12 medal qazandı

Portuqaliyanın Santarem şəhərində batut gimnastikası və tamblinq üzrə keçirilən ənənəvi SCALABISCUP beynəlxalq turniri Azərbaycan idmançıları üçün uğurlu nəticələrlə yadda qalıb.

90deqiqe.Az xəbər verir ki, müxtəlif ölkələrdən olan gimnastların qatıldığı yarışda Azərbaycan batut gimnastikası və tamblinq növləri üzrə müxtəlif yaş kateqoriyalarında ümumilikdə 13 idmançı ilə təmsil olunub. Yığmamız turniri 12 medalla başa vurub.

Batut gimnastikası üzrə böyüklər arasında Maqsud Mahsudov 60.240 xal toplayaraq bütün rəqiblərini geridə qoyub və qızıl medal qazanıb. Selcan Mahsudova 57.190 xalla qadınların yarışında fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib. Hüseyn Abbasov isə 57.730 xalla bürünc medala sahib çıxıb.

13–14 yaş kateqoriyasında Muhamməd Həsənli 49.350 xalla gümüş medal əldə edib. 15–16 yaş qrupunda Ammar Baxşalıyev 54.540 xalla çempion olub, Fərhad Mustafayev isə 51.470 xalla ikinci yeri tutaraq gümüş medal qazanıb.

İkili-mini batut yarışlarında da uğurlu çıxış edən Ammar Baxşalıyev 23.900 xal toplayaraq turnirdə ikinci qızıl medalını qazanıb.

Tamblinq üzrə böyüklər arasında Bilal Qurbanov, Aleksey Karataşov və Hüseyn Əsədullayevdən ibarət Azərbaycan komandası 148.100 xalla komanda hesabında bütün rəqiblərini qabaqlayaraq qızıl medala layiq görülüb. Fərdi yarışlarda Bilal Qurbanov 46.200 xalla gümüş medal əldə edib.

13–14 yaş kateqoriyasında Sənan Rzazadə 22.600 xalla qızıl medal qazanıb.

15–16 yaş qrupunda isə İlham Məsimov 84.400 xalla birinci, Riad Cavadov isə 83.900 xalla ikinci yeri tutaraq Azərbaycan millisinin uğurlarına növbəti medalları əlavə ediblər.

Beləliklə, Azərbaycan gimnastları Santaremdə keçirilən nüfuzlu beynəlxalq turnirdə yüksək nəticələr göstərərək yarışı ümumilikdə 12 medalla başa vurublar.







Offside