- Offside
- 18:16 12.07.2026
Azərbaycanın sərbəst güləşçisi Hacı Kərimov Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən 20 yaşadək güləşçilər arasında Avropa çempionatında qızıl medal qazanıb.
90deqiqe.Az xəbər verir ki, 70 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı final görüşündə Fransa təmsilçisi Bayssanqur Bitmurzayevlə üz-üzə gəlib. Rəqibinə tam üstünlük nümayiş etdirən H.Kərimov qarşılaşmanı vaxtından əvvəl 10:0 hesabı ilə başa vuraraq Avropa çempionu tituluna yiyələnib.
Yarışda Azərbaycanın digər sərbəst güləşçiləri də uğurlu nəticələr əldə ediblər. Belə ki, Muhəmməd İsmayılov (57 kq), Bəşir Verdiyev (65 kq) və Fərhad Süleymanlı (97 kq) bürünc medal qazanaraq fəxri kürsünün üçüncü pilləsində yer alıblar.
Bu gün mübarizəyə qoşulan millinin digər üzvlərindən Camal Abbasov (61 kq), Nurlan Ağazadə (74 kq) və Yusif Dursunov (125 kq) qızıl medal uğrunda final görüşünə çıxacaqlar. Məhəmməd Abbaszadə (86 kq) və Hüseyn Məmmədtağızadə (92 kq) isə bürünc medal uğrunda həlledici qarşılaşmada qüvvələrini sınayacaqlar.