12 iyul 2026. Bazar günü

Konor Makqreqorun oktagona dönüşü uğursuz alındı - Döyüş cəmi bir dəqiqə çəkdi


  • Offside
  • 20:10 12.07.2026
  • Oxunma sayı: 53
Konor Makqreqorun oktagona dönüşü uğursuz alındı  - Döyüş cəmi bir dəqiqə çəkdi

Beş illik fasilədən sonra oktagona qayıdan Konor Makqreqor Maks Holloueylə qarşılaşmada gözlənilməz nəticə ilə üzləşib.

90deqiqe.Az xəbər verir ki, qarışıq döyüş sənətinin azarkeşlərinin böyük maraqla gözlədiyi UFC 329 turnirinin əsas qarşılaşmasında Makqreqor və Hollouey üz-üzə gəlib. Lakin irlandiyalı döyüşçünün qayıdışını izləmək istəyən pərəstişkarları məyus olub.

Las-Veqasda keçirilən görüşdə Makqreqor dizindən ciddi zədə aldığı üçün mübarizəni davam etdirə bilməyib. Cəmi bir dəqiqədən bir qədər çox davam edən qarşılaşmanın qalibi texniki nokautla Maks Hollouey olub.

Qeyd edək ki, 2021-ci ildə Dastin Puaryeyə qarşı döyüşdə ayağı sınanandan sonra rinqə çıxmayan sabiq dünya çempionu görüşə ilk raundda "uçan zərbə" cəhdi ilə başlayıb. Lakin yerə uğursuz eniş etdikdən sonra problem yaşadığı görünüb. 37 yaşlı döyüşçü bir neçə saniyə mübarizəni davam etdirməyə çalışsa da, qarşılaşmanı davam etdirə bilməyəcəyini hakimə bildirib.

Maks Hollouey döyüşdən sonra açıqlamasında Makqreqor tam sağaldıqdan sonra onunla yenidən qarşılaşmaq ehtimalını nəzərdən keçirəcəyini deyib.

"Baş verən baş verdi. Turnirin rəhbərliyi ilə danışacağam. Bu döyüş üçün böyük gözlənti var idi. Bunu bir daha təkrarlamalıyıq. Azarkeşlər üçün yenidən", - deyə Hollouey bildirib.

Xatırladaq ki, Konor Makqreqor və Maks Hollouey 2013-cü ildə də qarşılaşıblar. Həmin görüşdə irlandiyalı döyüşçü hakimlərin yekdil qərarı ilə qalib gəlib.







Offside