- Offside
- 23:18 13.07.2026
Azərbaycan idmançıları Gürcüstanın Poti şəhərində keçirilən akademik avarçəkmə, kayak və kanoe üzrə beynəlxalq 18 medal qazanıblar.
Federasiyadan 90deqiqe.Az-a bildirilib ki, kayak yarışlarında İvan Vorobyanski birnəfərlik qayıqda 200, 500 və 1000 metr məsafələrdə 3 qızıl mükafata sahib çıxıb. Qiyas Əhmədov və Tengiz Qaqnidze ikinəfərlik kayak qayığında 200 və 500 metr məsafələrdə bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Bundan başqa, Qiyas Əhmədov birnəfərlik qayıqda 200 metr məsafədə gümüş, Tengiz Qaqnidze isə 500 metr məsafədə gümüş mükafat əldə edib. Elmir Tərverdiyev və Mustafa Vəlizadə tandemi isə ikinəfərlik kayak qayığında 500 və 1000 metr məsafələrdə finişə birinci çatıblar.
Kanoe yarışlarında Fəxri Sadıqlı və Vaqif Mustafazadə ikinəfərlik qayıqda 200 və 500 metr məsafələrdə gümüş medal qazanıblar. Fəxri Sadıqlı birnəfərlik kanoedə 200 metr məsafədə ikinci, Vaqif Mustafazadə isə eyni məsafədə, həmçinin 1000 metr məsafədə üçüncü yeri tutub.
Akademik avarçəkmə yarışlarında isə Azərbaycan təmsilçiləri bütün çıxışlarını qələbə ilə başa vurublar. Sabit Abdullayev (2008–2009 təvəllüdlülər) və Məhəmməd Həsənov (2010–2011 təvəllüdlülər) birnəfərlik qayıqda 1500 metr məsafədə qızıl medal əldə ediblər. İsabala Dadaşzadə və İsmayıl Şirinov tandemi isə ikinəfərlik qayıqda 1500 metr məsafədə birinci olub.
Estafet yarışında Fəxri Sadıqlı, Rüstəm Əsgərov və Vaqif Mustafazadədən ibarət komanda bürünc medala layiq görülüb.
Azərbaycan millisi yarışları 10 qızıl, 5 gümüş və 3 bürünc olmaqla, ümumilikdə 18 medalla başa vurub. Komanda bu nəticə ilə turniri ikinci pillədə tamamlayıb.