14 iyul 2026. Çərşənbə axşamı

Rocer Federer turnir təşkilatçılarını tənqid etdi


  • Offside
  • 23:18 13.07.2026
  • Oxunma sayı: 48
Rocer Federer turnir təşkilatçılarını tənqid etdi

20 dəfə "Böyük dəbilqə" turnirlərinin qalibi olan isveçrəli tennisçi Rocer Federer turnirlərin təşkilatçılarını sərt tənqid edib.

90deqiqe.Az-ın “Served Podcast”a istinadən məlumatına görə, əfsanəvi idmançı bildirib ki, hazırda kortların və topların sürətinin bütün yarışlarda eyni olması italiyalı Yannik Sinner və ispaniyalı Karlos Alkarasın üstünlük qazanmasına şərait yaradır.

"Bu dəyişməlidir. Hazırda bütün örtüklərdə kortların və topların sürəti eynidir. Belə olmamalıdır, əvvəllər heç vaxt belə olmayıb. Bu, Sinner və Alkaras üçün çox əlverişlidir, elə deyilmi? Onlar daim eyni ritmdə oynayırlar və yalnız həmin üslubu təkmilləşdirirlər. İndi onlar "Rolan Qarros"da torpaq örtüyünə, Uimbldonda isə ot örtüyünə uyğunlaşmaq məcburiyyətində deyillər", – deyə Federer bildirib.

Federer əvvəlki dövrlərdə fərqli örtüklərdə fərqli mütəxəssislərin olduğunu xatırladıb.

"Əvvəllər vəziyyət necə idi? Rafael Nadal kimi torpaq örtüyündə güclü olan tennisçilər vardı. Onlar həmin örtükdə hamını üstələyirdilər. Ot örtüyündə isə başqa mütəxəssislər olurdu. Bunun səbəbi bütün örtüklərin sürətinə və topun sıçrayışına görə bir-birindən ciddi fərqlənməsi idi", – deyə o vurğulayıb.

İsveçrəli tennisçi əlavə edib ki, təşkilatçılar bu dəyişiklikləri məqsədli şəkildə edirlər.

"Rolan Qarros"la "Uimbldon" kortları arasındakı fərqi hiss etmisiniz? Biri narıncı, digəri yaşıl rəngdə olmaqdan başqa, demək olar ki, fərq yoxdur", – deyə Federer qeyd edib.







Offside