- Offside
- 22:51 14.07.2026
Türkiyə millisinin sabiq futbolçusu Nihat Kahveci polis tərəfindən saxlanılıb.
90deqiqe.Az-ın Türkiyə KİV-lərinə istinadən məlumatına görə, hadisə İstanbulun Sarıyer rayonundakı restoranlardan birində baş verib. Bildirilir ki, Nihat Kahveci ilə həyat yoldaşı Fulya Sever Kahveci arasında mübahisə yaranıb. İddialara əsasən, mübahisə zamanı sabiq futbolçunun həyat yoldaşına qarşı fiziki zorakılıq tətbiq etdiyi irəli sürülüb.
Məlumata görə, hadisə yerinə çağırılan polis əməkdaşları Kahvecini şöbəyə aparıblar. Onun ifadəsi alındıqdan sonra sərbəst buraxıldığı bildirilib. Hazırda faktla bağlı araşdırma davam etdirilir.
Hadisədən sonra Fulya Sever Kahveci sosial şəbəkə hesabında yayımladığı açıqlamada iddiaları təkzib edib. O bildirib ki, Nihat Kahveci ilə 2018-ci il iyulun 19-dan evlidirlər və iki övladları var.
"Biz münasibətlərimizi hər zaman sevgi və hörmət çərçivəsində qorumuşuq və bundan sonra da belə olacaq. Həyat yoldaşları arasında fikir ayrılığı və mübahisə ola bilər. Amma bu, əsla yoldaşımın mənə zorakılıq tətbiq etdiyi anlamına gəlmir. Bu cür yalan xəbərləri və onları yayanları qınayıram. Heç olmasa, məndən də soruşa bilərdiniz", – deyə Fulya Sever Kahveci paylaşımında vurğulayıb.
Qeyd edək ki, Nihat Kahveci futbolçu karyerası ərzində Türkiyənin "Beşiktaş", İspaniyanın "Real Sosyedad" və "Vilyarreal" klublarında çıxış edib. O, hazırda idman şərhçisi kimi fəaliyyət göstərir.