16 iyul 2026. Cümə axşamı

"Sağlam həmkar" minifutbol turnirinin qalibi müəyyənləşib


  • Offside
  • 14:14 15.07.2026
  • Oxunma sayı: 34
"Sağlam həmkar" minifutbol turnirinin qalibi müəyyənləşib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) və Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) birgə təşkil etdiyi "Sağlam həmkar" minifutbol turnirinə yekun vurulub.

AHİK-dən 90deqiqe.Az-a bildirilib ki, final oyunundan əvvəl iştirakçılar və azarkeşlər üçün xüsusi idman proqramı təşkil olunub. Karate üzrə Avropa çempionu Mədinə Sadıqova, yunan-Roma güləşi üzrə dünya çempionu Əli Nəzərov və Avropa çempionu Emin Cavadlı nümunəvi çıxışlarla tədbirə rəng qatıblar.

Final qarşılaşmasında Fövqəladə Hallar Nazirliyi İşçilərinin Həmkarlar İttifaqının komandası ilə Aqrar, Ekologiya və Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin komandası üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən görüş Fövqəladə Hallar Nazirliyi İşçilərinin Həmkarlar İttifaqının komandasının 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, turnirin qalibi Fövqəladə Hallar Nazirliyi İşçilərinin Həmkarlar İttifaqının komandası olub. Aqrar, Ekologiya və Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin komandası ikinci, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin komandası isə üçüncü yeri tutub.

Yekunda qaliblərə kubok, medal və diplomlar təqdim edilib. "Ən yaxşı oyunçu", "Ən yaxşı qapıçı" və "Ən məhsuldar futbolçu" nominasiyaları üzrə fərqlənən iştirakçılar da xüsusi mükafatlara layiq görülüblər.

Qeyd edək ki, iyunun 6-da start götürən "Sağlam həmkar" minifutbol turnirində AHİK-in üzv təşkilatlarını təmsil edən 17 komanda dörd qrupda mübarizə aparıb.







Offside