- Offside
- 01:04 16.07.2026
Azərbaycanın idman dırmanması üzrə gənclərdən ibarət milli komandası tarixində ilk dəfə dünya çempionatında iştirak edəcək.
Azərbaycan Alpinizm Federasiyasından 90deqiqe.Az-a bildirilib ki, mötəbər yarış iyulun 18-25-də İtaliyanın Arco şəhərində yerləşən "Rock Master Climbing Stadium"da keçiriləcək.
Dünya çempionatı U-17 və U-19 yaş kateqoriyaları üzrə boulder, lead və speed növlərində təşkil olunacaq. Yarış gənc idmançılar üçün idman dırmanmasının ən nüfuzlu beynəlxalq turnirlərindən biri hesab edilir.
Federasiyadan bildirilib ki, Azərbaycan millisinin dünya çempionatındakı debütü ölkədə alpinizm və idman dırmanmasının inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Bu yarış gənc idmançılara beynəlxalq təcrübə qazanmaq, dünyanın ən güclü rəqibləri ilə mübarizə aparmaq və ölkəni beynəlxalq arenada layiqincə təmsil etmək imkanı yaradacaq.
Qeyd edək ki, dünya idman dırmanmasının əsas mərkəzlərindən biri hesab olunan Arco şəhəri uzun illərdir nüfuzlu beynəlxalq yarışlara ev sahibliyi edir. Budəfəki dünya çempionatında 60-a yaxın ölkədən 650-yə yaxın idmançının iştirakı gözlənilir.