- Offside
- 01:04 16.07.2026
Dünyanın üçüncü raketkası, ispaniyalı tennisçi Karlos Alkaras və 72-ci sırada yer alan danimarkalı tennisçi Holger Rune ABŞ-ın Ohayo ştatında keçiriləcək Sinsinnati turnirinin iştirakçı siyahısına daxil ediliblər.
90deqiqe.Az xəbər verir ki, avqustun 13-dən 23-dək baş tutacaq yarışın ilkin iştirak ərizəsində dünya reytinqində ilk 75 pillədə qərarlaşan bütün tennisçilər yer alıb. Siyahıya zədə səbəbindən hazırda yarışlardan kənarda qalan Alkaras və Rune də əlavə olunub.
Xatırladaq ki, Karlos Alkaras aprelin 14-dən etibarən rəsmi görüşlərdə iştirak etmir. İspaniyalı tennisçi Barselona turnirində sağ biləyindən zədə alıb. Bu səbəbdən o, Madrid və Roma turnirlərini, eləcə də 2026-cı ildə keçirilən Fransa Açıq çempionatı və Uimbldon yarışını buraxıb.
Holger Rune isə 2025-ci ilin oktyabrından kortlardan uzaqdır. Danimarkalı idmançı İsveçin Stokholm şəhərində keçirilən turnirdə fransalı Uqo Umberlə qarşılaşma zamanı Axilles vətərindən ağır zədə alıb.
Hazırda hər iki tennisçinin Sinsinnati turnirində iştirak edib-etməyəcəyi onların bərpa prosesindən asılı olacaq.