- Offside
- 18:11 16.07.2026
Bakıda təşkil olunacaq güləş üzrə U-17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb.
Azərbaycan Güləş Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, Dünya Güləş Birliyi (UWW) tərəfindən təsdiqlənmiş yekun iştirakçı siyahısına əsasən, Milli Gimnastika Arenasında keçiriləcək yarışda 663 idmançı, 272 məşqçi və 64 beynəlxalq hakim iştirak edəcək. Dünya çempionatı ilə əlaqədar ümumilikdə 1100-dən çox qonağın Azərbaycana gəlməsi gözlənilir.
Bildirilib ki, budəfəki mundial iştirakçı idmançıların sayına görə son 13 ilin, təmsil olunan ölkələrin sayına görə isə son səkkiz ilin ən yüksək göstəricisi ilə tarixə düşəcək.
İyulun 27-dən avqustun 2-dək keçiriləcək dünya çempionatında gələcəyin ulduzları sərbəst, yunan-Roma və qadın güləşi üzrə medallar uğrunda mübarizə aparacaqlar.
Qeyd edək ki, yarışın yüksək səviyyədə təşkili üçün Azərbaycan Güləş Federasiyası tərəfindən bütün zəruri hazırlıq işləri həyata keçirilir.