- Offside
- 18:11 16.07.2026
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatına hazırlıq işləri plan üzrə davam edir.
90deqiqe.Az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu dünya çempionatına həsr olunmuş mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, Azərbaycan Cüdo Federasiyası yarışın yüksək səviyyədə təşkili üçün Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Beynəlxalq Cüdo Federasiyası (IJF) ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərir.
Rəşad Rəsullu bildirib ki, oktyabrda keçiriləcək dünya çempionatında 100-ə yaxın ölkədən 600-dən çox cüdoçunun iştirakı gözlənilir:
"Artıq Yaponiya və Fransa kimi aparıcı cüdo ölkələri heyətlərini açıqlayıblar. Bakıda Olimpiya, dünya və Avropa çempionları da daxil olmaqla, dünyanın ən güclü cüdoçuları mübarizə aparacaqlar. Məqsədimiz bu mundialı ən yüksək səviyyədə təşkil etməkdir".
İcraçı vitse-prezident milli komandanın hazırlıq prosesinə də toxunub. O bildirib ki, yığma ilin əvvəlindən Avstriya, Belçika, Fransa, Özbəkistan, Çexiya, Gürcüstan, İspaniya, İtaliya və Monqolustanda beynəlxalq təlim-məşq toplanışlarında iştirak edib.
Hazırda komandanın bir neçə üzvü Yaponiyada, əsas heyət isə Qusarda hazırlıqlarını davam etdirir. Avqustun 5-15-də millinin Qazaxıstanda keçiriləcək beynəlxalq təlim-məşq toplanışına qatılması planlaşdırılır. Bundan başqa, yaxın aylarda Bakıda xarici milli komandaların iştirakı ilə birgə hazırlıq proseslərinin təşkili də nəzərdə tutulur.
Rəşad Rəsullu dünya çempionatının bilet satışına iyulun 2-də start verildiyini də xatırladıb. Onun sözlərinə görə, azarkeşlərin yarışa marağı yüksəkdir və indiyədək 670 bilet satılıb.
Qeyd edək ki, cüdo üzrə dünya çempionatı oktyabrın 4-11-də Bakıda keçiriləcək.