16 iyul 2026. Cümə axşamı

"Hidayətin potensialına heç bir şübhəmiz yoxdur"


  • Offside
  • 13:38 16.07.2026
  • Oxunma sayı: 42
"Hidayətin potensialına heç bir şübhəmiz yoxdur"

Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu Olimpiya çempionu Hidayət Heydərovun son durumu ilə bağlı açıqlama verib.

90deqiqe.Az xəbər verir ki, o, Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatına həsr olunmuş mətbuat konfransında bildirib ki, Hidayət Heydərov iki yarışda çəki normasını yerinə yetirə bilmədiyi üçün federasiya tərəfindən cəzalandırılıb.

"Hidayət Heydərov iki yarışda çəki sala bilmədiyi üçün cəzalanıb. Bu, federasiyanın daxili məsələsidir və cəzanın mahiyyəti açıqlanmayacaq. Nizam-intizam bizim üçün çox önəmlidir", – deyə Rəşad Rəsullu vurğulayıb.

Federasiya rəsmisi qeyd edib ki, hazırda idmançının əsas problemi məhz çəki ilə bağlıdır.

"Başa düşməliyik ki, Hidayətin çəkisini sala bilməməsinin müəyyən səbəbləri var. Bu məsələ ilə bağlı onunla danışmışıq. Potensialına heç bir şübhəmiz yoxdur. İnanırıq ki, gələcəkdə ikiqat Olimpiya çempionu ola bilər. Məşqlərə vaxtında gəlir, gecikmir. Hazırda əsas problem çəki məsələsidir və bunun üzərində işləyirik", – deyə o əlavə edib.

Qeyd edək ki, cüdo üzrə dünya çempionatı oktyabrın 4-11-də Bakıda keçiriləcək.







Offside