16 iyul 2026. Cümə axşamı

Azərbaycanlı idmançı Sofiyada gümüş medal qazandı


  • Offside
  • 14:56 16.07.2026
  • Oxunma sayı: 39
Azərbaycanlı idmançı Sofiyada gümüş medal qazandı

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən "Sofia Diving Cup" beynəlxalq turniri Azərbaycan millisi üçün uğurlu nəticə ilə yadda qalıb.

Azərbaycan Üzgüçülük Federasiyasından 90deqiqe.Az-a bildirilib ki, Azərbaycanın suya tullanma üzrə yeniyetmələrdən ibarət milli komandasının üzvü Mehri Ağayeva yarışda gümüş medal qazanıb.

İdmançı qızlar arasında E qrupunda 1 metr tramplindən tullanma yarışında çıxış edən Mehri Ağayeva 115,20 xal toplayaraq 15 iştirakçı arasında ikinci yeri tutub.

Diqqətçəkən məqamlardan biri də odur ki, Mehri Ağayeva ötən il eyni turnirdə və eyni növdə 72,95 xalla yalnız 11-ci yeri tutmuşdu. Beləliklə, o, bir il ərzində əhəmiyyətli irəliləyişə nail olaraq fəxri kürsüyə yüksəlib.

Qeyd edək ki, iyulun 17-dək davam edəcək "Sofia Diving Cup" turnirində 15 ölkədən 187 idmançı mübarizə aparır. Azərbaycan yarışda Alisa Hacıyeva, Ayla Hüseynova, Maqsud Tahirli, Mehri Ağayeva, Məhəmməd Hüseynov, Sofiya Ağayeva və Suada Tahirdən ibarət yeddi nəfərlik heyətlə təmsil olunur.







Offside