18 iyul 2026. Şənbə

Bakıda keçiriləcək U-17 dünya çempionatının biletləri satışa çıxarıldı


  • Offside
  • 13:17 17.07.2026
  • Oxunma sayı: 32
Bakıda keçiriləcək U-17 dünya çempionatının biletləri satışa çıxarıldı

Bakıda təşkil olunacaq güləş üzrə U-17 dünya çempionatının biletlərinin satışına start verilib.

90deqiqe.Az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

Bildirilib ki, iyulun 27-dən avqustun 2-dək Milli Gimnastika Arenasında keçiriləcək mundialın biletlərini iticket.az saytı vasitəsilə onlayn, eləcə də iTicket satış məntəqələrindən əldə etmək mümkündür. Biletlərin qiyməti 2 və 5 manat təşkil edir.

Yarış proqramına əsasən, hər gün iki sessiya keçiriləcək. Saat 10:30-da başlayacaq gündüz sessiyasında ilkin görüşlər baş tutacaq və güləşçilər yarımfinala vəsiqə uğrunda mübarizə aparacaqlar. Saat 17:00-da start götürəcək axşam sessiyasında isə yarımfinal qarşılaşmaları, medal uğrunda görüşlər və mükafatlandırma mərasimləri keçiriləcək.

Azarkeşlər bir bilet vasitəsilə həm gündüz, həm də axşam sessiyalarını izləyə biləcəklər.

Bundan əlavə, sessiyalar arasındakı fasilədə Milli Gimnastika Arenasında fəaliyyət göstərəcək fan zonada müxtəlif əyləncəli proqramlar, interaktiv oyunlar, tanınmış güləşçilərin imza saatları və digər tədbirlər təşkil olunacaq.







Offside